Insanlarin sigortaya qarsi maragi necedir?!..

Əhalinin sığorta şirkətlərinə inamı zəifdir; insanlar canının yox, daha çox əmlak sığortasına meyl edir


“Sığorta haqqında” qanunda deyilir ki, sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə, sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür. Sığorta müqaviləsində tərəflərin razılaşmasına əsasən başqa şərtlər də qoyula bilər. Deməli, sığorta vətəndaşın xeyrinə olan aktdır. Sadəcə Azərbaycanda sığorta bazarı yenicə formalaşdığından vətəndaşlar arasında sığortanın həqiqi izahı anlaşılmayıb. Əsasən əyalətdə sığorta işin qeyri-ciddi baxışlar var.
Eyni vaxtda bir neçə sığorta şirkəti ilə əməkdaşlıq edən Vəfadar Quliyev deyir ki, insanların sığortaya marağı 2005-2006-cı illərdə daha yüksək olub. Sonradan bu maraq azala-azala gedib. O deyir ki, tibbi sığortalar üçün könüllü qaydada elan verilsə də insanlar ona maraq göstərmir: “İnsanların sığortaya meyl etməməsinin səbəbləri çoxdur. Biri deyir kasıbçılıqdır, imkanım yoxdur. Biri deyir ki, filan sığorta şirkəti ilə müqavilə bağladım, amma ziyanı ödəməkdən imtina etdi. Bəzilərini gedib məcbur sığorta edirlər və s. Belə hallara görə əhali passivdir. Amma dövlət şirkətində sənədlər qaydasındadırsa, dəymiş ziyan ödənilir. Bəzi özəl sığortalar mütləq bir bəhanə tapır. Bir də görürsən ki, maşın etibarnamə ilə başqasına verilib və hadisəni o törədib. Belə olanda bəhanə edib ziyanı ödəmirlər. Ya da deyirlər ki, qəzanı edən yenicə sığortalanıb, ya da qəza sığorta edənin ucbatından baş verib deyə vermirlər. Bir şey tapıb imtina edirlər. Nəticədə sığorta şirkətlərinə inamsızlıq yaranır. Amma dövlət şirkətində heç bir bəhanə gətirilmir. Sığortalananın ziyanı ödənilir. Avtomobili başqası sürüb zədələsə də ziyan ödənir”.

İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu “Yeni Müsavat”a açıqlamasında dedi ki, Azərbaycandakı sığorta bazarında yalnız yerli şirkətlərdir, çünki xarici investisiyalı şirkətlərin fəaliyyətinə icazə verilmir
. Yerli şirkətlərin təklif paketləri istehlakçıların, eyni zamanda iş adamlarının xərclərini əhəmiyyətli dərəcədə artırır: “Digər tərəfdən, ənənə yoxdur. Sovet dövründə də geniş tətbiq olunan sığorta prinsipi ilə işləməmişik. Daha bir səbəb odur ki, Azərbaycanda maliyyə bazarı özü zəif inkişaf edib, maliyyə institutları yeni formalaşıb, onların fəaliyyətinə inam yoxdur. İnsanların, iş adamlarının maarifləndirilməsində də problem var. Onlar bilmir ki, sığorta olunacaq əmlakı ziyana görə kompensasiya ediləcək, bunun hansı üstünlükləri var. Bunun da daha çox əziyyətini çəkən şirkətlər və vətəndaşlar olur. Bəzi hallarda da dövlət zərər çəkir. Çünki bədbəxt hadisələrdən, təbii fəlakətdən müəyyən ziyanlar dəyir”.

Q.İbadoğlunun sözlərinə görə, sığorta bazarı yeni institut olduğundan onu əhəmiyyətli dərəcədə inkişaf etdirmək üçün infrastruktur yaradılmalıdır: “Bu da kompleks tədbirlər tələb edir. Bu bazarın inkişafı həm də əhalinin və sahibkarların gəlirlərindən asılıdır. Sahibkarlar gəlirlərinin bir hissəsini sığorta xərclərinə yönəltsə, bu, sonda qiymətlərə təsir edə bilər. Əhalinin gəlirləri də çox deyil ki, ailə büdcəsini planlaşdıranda sığortaya vəsait yönəltsin. Düşünmürəm ki, sığorta bazarının inkişafında dövlətin marağı yoxdur. Amma dövlətin işi də zəif təşkil olunub və burada lazım olan mühit yaradılmayıb”.
Onu da deyək ki, Azərbaycanda konkret obyektlər üzrə ixtisaslaşmış sığorta şirkətləri yoxdur. Sığorta şirkətlərinin məşğul olması üçün 28 növ fəaliyyət var. Azərbaycanda olan 30-a yaxın sığorta şirkəti bu 28 növ fəaliyyətin hər biri ilə məşğul olur. Bu da vətəndaşların tələbatının zəif olduğunu göstərir. Normal ölkələrdə sığorta şirkətlərinin tərkibində bir neçə bank olur, yəni onlar sığorta pulu yığır. Bu banklar vasitəsilə uzunmüddətli, qısamüddətli kreditlər, ipotekalar verilir. Bizdə isə tərsinədir. Əvvəl banklar, bankdan sonra isə sığorta şirkəti yaradılır. Əslində sığorta şirkətlərində dövriyyə banklara nisbətən qat-qat çox olmalıdır.
Azərbaycanda sığortanın ən çox yayılan növü şəxsi avtomobillərin sığortalanmasıdır. Apardığımız araşdırma zamanı məlum oldu ki, xüsusi nəqliyyat vasitələrinin sığortasının səviyyəsi 2005-2006-ci illərdə aşağı olsa da sonradan yüksələn xətt üzrə inkişaf edib. Nəyə görə məhz avtomobil? Ekspertlər deyir ki, maşını kreditə verirlərsə, kredit verən bank mütləq sığorta tələb edir. Üstəgəl, əhali avtomobillərini tıxacların və maşınların sayının artması nəticəsində yarana biləcək qəza şəraitindən özü sığortalayır. Buna görə maşınların sığortalanması sayı həddən artıq çoxalıb. Amma digər sahələrdə sığorta işi zəifdir.
Ekspertlər onu da deyir ki, sığorta şirkətləri inamsızlıq yaradırsa və ya bəhanələrlə dəymiş ziyanı ödəməkdən imtina edirsə, onda “Sığorta haqqında” Qanuna müraciət etmək olar. Qanunvericilik sığortaçı tərəfindən dəfələrlə pozulduqda onun ləğv edilməsi barədə Arbitraj Məhkəməsində iddia qaldırmaq mümkündür.
O ki qaldı girişdə yazdığımız məcburi sığorta məsələsinə, ekspertlər deyir ki, məcburi qaydada sığorta səmərə vermir. Sığorta şirkətlərinə etimad artırılmalıdır. Belə ki, vətəndaşda avtomobil və ya daşınmaz əmlakın sığortasının şirkətin varlanmasına səbəb olacağı ilə bağlı təəssürat yaranıb. Onlar öz maraqlarının nəzərə alınmayacağından narahatdır. 

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma