«İCBARİ SIĞORTALAR HAQQINDA» Azərbaycan Respublikasının Qanununun icrasına başlanılmışdır.

İcbari sığortalar haqqında”  Azərbaycan Respublikasının Qanununu Milli Məclis 2011-ci il iyulun 24-də təsdiqləyib. Bu qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləyir. Yeni qanun qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyənləşdirir.
 Qanunda qeyd olunan icbari sığorta növləri əvvəllər də mövcud olub. Hazırkı qanun hər bir icbari sığorta növünün ümumi prinsip və standartlar əsasında həyata keçirilməsini, vahid yanaşmalara və terminlərə əsaslanmasını, onların mövcud bazar reallıqlarına və inkişaf etmiş beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını təmin etmək, nəticədə ölkə əhalisinin sosial təhlükəsizliyinə daha əhatəli təminat yaratmaq məqsədilə qəbul olunmuşdur.
 Qanun avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində bir sıra mühüm dəyişiklikləri özündə əks etdirir. Əvvəlki qanunda həyat və sağlamlığa dəyən zərərə görə sığorta məbləği  bir hadisə üzrə 5 000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 1 000 və  əmlaka dəymiş zərər üzrə sığorta məbləği də 1 000 manat idi. Ümumilikdə, bir sığorta şəhadətnaməsi üzrə sığorta məbləği cəmi 6 000 manat təşkil edirdi. Yeni qanuna əsasən isə  bu məbləğlər həyat və sağlamlığa dəyən zərər üzrə, müvafiq olaraq, 50 000 manat və 5 000  manat, əmlaka dəyən zərərə görə də 5 000 manatdır.  Beləliklə, bir sığorta şəhadətnaməsi üzrə maksimal sığorta  məbləği 55 000 manat təşkil edir. Bu, əvvəlki müqayisədə 9 dəfə çoxdur.  
 Başqa ölkələrlə müqayisədə də bu məbləğlər artıb. Rusiyada bir sığorta şəhadətnaməsi üzrə maksimal sığorta məbləği  9.000 manat təşkil edir. Bu, Azərbaycanda olduğundan 6 dəfə azdır. Ukraynada  ümumi sığorta məbləği 14.700 manat, Qazaxıstanda 20.800 manat təşkil etməklə, Azərbaycanla müqayisədə, müvafiq olaraq, 4 və 2,6 dəfə azdır. 
 Sürücülərə  daha böyük məbləğdə təminat verdiyindən sığortanın qiyməti də əvvəlkindən fərqlidir. Hazırkı sığorta haqqının baza məbləği 50 manat müəyyən edilmişdir və mühərriki 1500 sm3 olan minik avtomobillərinə tətbiq olunur. Avtomobilin mühərrikinin həcmi artdıqca, baza sığorta məbləğlərinə 1,5-dən 5-dək əmsal tətbiq olunur. Avtobuslara münasibətdə  əmsal sərnişin yerlərinə görə, yük avtomobillərinə münasibətdə isə onların  icazə verilən maksimum kütləsinə görə dəyişir.  Müqayisə üçün qeyd etmək olar ki, Rusiyada sığorta təminatının hər 1 000 manatının orta qiyməti 7,2 manat, Ukraynada 2,1 manat, Qazaxstanda 4,3 manat təşkil edir. Azərbaycanda isə bu göstərici 1,45  manat  olacaq.
 Yeni qanuna görə, növbəti sığorta müqaviləsi bağlayan şəxslərin ödəməli olacaqları sığorta məbləğlərinə onların “qəza tarixçələri” də təsir göstərəcək. Bu cür sistem “bonus-malus” sistemi adlanır və latın dilində “yaxşı-pis” deməkdir. Sistem ondan ibarətdir ki,  yaxşı, yəni qəza törətməyən sürücülərin ödədiyi sığorta haqları hər il azaldılır, ilboyu qəza törədən və ödəniş alan digər sürücülərin ödədiyi sığorta haqqı isə artırılır. 
 Qanun sığorta ödənişlərinin verilməsini maksimum sadələşdirməyə, bu sahədə sığortalıların hüquqlarının və qanuni mənafelərinin qorunmasının gücləndirilməsinə yönəlib. Qanuna görə, sığorta ödənişindən imtina etmək üçün heç bir hal nəzərdə tutulmayıb. Zərərçəkənlər hər bir halda zərərin əvəzini alacaqlar. Lakin bəzi hallarda – təqsirkar sürücü sərxoş olduqda, hadisə yerini tərk etdikdə, hadisəni qəsdən törətdikdə, onun avtonəqliyyat vasitəsini idarə etməyə hüququ olmadıqda sığortaçı zərərçəkənlərə sığorta ödənişi verdikdən sonra ödədiyi məbləğləri təqsirkar sürücüdən tələb etmək hüququna malikdir.  
 Əvvəlkindən fərqli olaraq, yeni qanunda bəzi hallarda DYP tərəfindən verilən müvafiq arayış  olmadan da sığorta ödənişi nəzərdə tutulur. Bu, qəza iştirakçılarının sayı 2 olduqda, hadisə nəticəsində sağlamlığa heç bir zərər dəymədikdə, hər iki tərəfin sığortası olduqda, tərəflər təqsirin kimdə olmasına dair həmfikir olduqda, ziyanın məbləği 1 000 AZN-dən çox olmadıqda mümkündür. 
 İcbari sığorta şəhadətnaməsi sürücülük vəsiqəsi, texniki pasport və etibarnamə kimi daim sürücünün üstündə olmalıdır. “Yol hərəkəti haqqında” Qanuna əsasən, sığortanın olmaması sürücünü avtomobili idarə etmək hüququndan məhrum edir. 
 Avtonəqliyyat sahiblərinin icbari məsuliyyət sığortası ilk dəfə 1927-ci ildə ABŞ-ın Massaçusets ştatında tətbiq olunmağa başlamışdır. 1930-cu ildə Böyük Britaniyanın yol hərəkəti haqqında qanununa əsasən, hər bir avtomobil sürücüsünün məsuliyyət sığortasının vacibliyi tələb olunmuşdur. Sonradan belə tələb 100-dən çox ölkənin qanunvericiliyində özünə yer tapmışdır. Qanundakı digər yenilik daşınmaz əmlakın icbari sığortası ilə bağlıdır. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya başqa hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə əlaqədar zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əvvəllər qüvvədə olmuş “Yanğından icbari sığorta haqqında” qanunda da əmlakın sığortası icbari idi, lakin sığortalanan risklər yanğınla məhdudlaşırdı. Yeni qanunda sığortalanan risklərin siyahısı genişləndirilmiş, yeni, daha mükəmməl formada tətbiq olunmuşdur. İndi əmlakın icbari sığortasına fiziki şəxslərin mənzilləri, yaşayış evləri də daxildir. Bu sahədə vətəndaşların daha geniş sosial müdafiəsinin  təmini məqsədilə, hər bölgə üçün müəyyən minimum sığorta məbləği təyin edilib.  Bakı şəhəri üçün minimum sığorta məbləği 25 000 manat, Gəncə, Sumqayıt, Naxçıvan şəhərləri üçün 20 000 manat, digər yerlər üçün 15 000 manat müəyyənləşdirilib. Sığorta haqqı isə, müvafiq olaraq,  50 manat, 40 manat, 30 manat təşkil edir. Ünvanlı sosial yardım alan şəxslərin əmlakının icbari  sığortası üzrə sığorta haqları dövlət büdcəsi hesabına ödəniləcək.
Sərnişinlərin icbari fərdi qəza sığortası beynəlxalq və şəhərlərarası sərnişin daşımaları xidməti göstərən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta ödənişinin verilməsini nəzərdə tutur. Yeni qanunda əvvəlki ilə müqayisədə əhəmiyyətli dəyişiklik ondan ibarətdir ki, bundan əvvəl sığorta şirkətləri tərəfindən yalnız hər hansı sərnişin nəqliyyatına bileti olanlara sığorta ödənişi verilirdi. Yeni qanunda sərnişin biletinin olub-olmaması fərqi aradan götürülüb. Yəni qəza zamanı nəqliyyat vasitəsində xəsarət alan bütün sərnişinlər sığortadan faydalanacaq.Sığorta növləri icbari olduğundan İnzibati Xətalar Məcəlləsində müvafiq riskləri icbari qaydada sığorta etdirməyən şəxslərin cərimələnməsi nəzərdə tutulmuşdur. Qanunvericiliklə müəyyən edilmiş hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 10 manat miqdarında, vəzifəli şəxslər 60 manatdan 80 manatadək miqdarda, hüquqi şəxslər 150 manatdan 200 manatadək miqdarda cərimə ediləcək.“Yeni qanunun tətbiqində fəal iştirakları ilə vətəndaşlar özlərinin və onları əhatə edənlərin həyat və əmlakına daha hörmətlə yanaşdıqlarını nümayiş etdirəcəklər”. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov qanunu şərh edərkən belə bildirmişdir. 
Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma