Xeberler

Xeberler

Özəl şirkətlər işçilərini sığortalamağa pul tapacaqmı?

Yanvardan yeni problem gəlir

Əli Əlirzayev: “İcbari sığorta, ola bilsin, bir çox özəlləri sıradan çıxarsın”

 


Gələn ilin yanvar ayından Azərbaycanda fəaliyyət göstərən müəssisə və təşkilatlar öz işçilərini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə sığortalamadığı təqdirdə 1500 manat məbləğində cərimə olunacaq.

Bu barədə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Əmək Müfəttişliyinin rəis müavini Məhərrəm Məhərov bildirib. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 53.9-cu maddəsinə edilən dəyişikliyə əsasən, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” növü üzrə işəgötürən işçinin sığortalanması ilə bağlı birbaşa məsuliyyət daşıyır. Hazırda Azərbaycanda 400 minə yaxın işəgötürənin olduğu bəllidir. Rəis müavininin sözlərinə görə, “istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunda hərbi və ya xüsusi rütbəsi olan şəxslər, Azərbaycan və Naxçıvan Milli Məclisinin deputatları, həmçinin “Sosial sığorta haqqında” qanuna uyğun olaraq, məcburi dövlət sosial sığortasına cəlb olunmayan əcnəbilər istisna olmaqla, bütün sosial sığorta haqqı ödəyən şəxslər bu sığorta növü üzrə sığortalanacaq.

M.Məhərov qeyd edib ki, tətbiq olunacaq cərimələr hüquqi, fiziki şəxslərə və xarici dövlətin

hüquqi şəxs qismində yaradılan bütün müəssisələrinə şamil ediləcək.

Xatırladaq ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” qanunu 2010-cu il iyulun 3-də qüvvəyə minib. Qanun istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarının icbari sığorta sahəsində münasibətləri tənzimləyir, həmçinin bu münasibətlərin hüquqi, iqtisadi və təşkilatı əsaslarını müəyyən edir. Həmçinin sözügedən qanunun tətbiqi üçün Nazirlər Kabinetinin müvafiq qərarları ilə sığorta ödənişlərinin qaydaları və sığorta tarifləri də müəyyən edilib. Müvafiq qaydalarla bu sığorta növü üzrə zərərçəkənə aylıq sığorta ödənişi, birdəfəlik sığorta ödənişi və əlavə sığorta ödənişinin həyata keçirilməsinin müddəti, ödənişin verilməsinin dayandırılması və bərpası prosedurları müəyyən edilib. Qanunun tələbinə görə, işəgötürən müəssisə və təşkilat öz işçisini icbari şəkildə bu növ üzrə sığortalayacaq. İşçilərdən bu növ üzrə sığorta haqqının tutulması büdcədən maliyyələşən təşkilatlar üçün dövlət hesabına, digər təşkilatlar üzrə daxili imkanlar hesabına həyata keçiriləcək. Dövlət müəssisələrində, aydındır ki, bu prosesin həlli daha hamar gedəcək. Çünki, onlar büdcədən maliyyələşdiyindən, bu sahədə hər hansı bir maliyyə probleminin, müəssisə rəhbərinin nəyisə itirmək təhlükəsinin olacağı gözlənilmir. Amma özəl müəssisələrdə məsələ bir qədər fərqlidir. Bir çox özəl idarələrin daxili imkanları cüzi olduğundan, qanunun tətbiqi onlar üçün əlavə yük yarada bilər. Bu isə sonda, hətta belə müəssisələrin müflis olması ilə nəticələnər. Mütəxəssislərin sözügedən qanuna münasibətini öyrəndik. Görəsən, qanun nə dərəcədə perspektivlidir, özünü doğrulda biləcəkmi?

İqtisadçı Əli Əlirzayev işçinin müdafiəsi baxımından qanunun tətbiqinin mühüm əhəmiyyət kəsb edəcəyini bildirdi: “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortaya keçid olduqca vacibdir. Bu, ən azından, işçinin müdafiəsi baxımından əhəmiyyətlidir. Belədə, bu sahədə olan özbaşınalıqlar da aradan qalxa bilər və işəgötürən işçisilə əmək müqaviləsi bağlayar. Yəni işçilərin müdafiəsi və sosial sığortanın geniş vüsət alması baxımından bu, mühüm addım olardı. Düşünürəm ki, özünü doğruldacaq. Başqa cür olmamalıdır da. Özəl müəssisələrə gəldikdə, bu gün həmin məqamla bağlı əsas problemlər məhz bu sektorda yaşanır. Özəl müəssisə sahibləri əksər hallarda işçilərini əmək müqaviləsi olmadan işlədir. Belədə, bədbəxt hadisə olanda işəgötürən rahatca yaxasını kənara çəkə bilir. Ziyana düşən isə əməkçi olur. Bu halın tətbiqi özəl sahibkarları da məsuliyyətə cəlb edəcək. Onlar sığorta prosesini öz daxili imkanları hesabına etməlidir. Bu belə də olmalıdır. Kommersiya müəssisələrinə dövlət cavabdeh deyil ki. Amma məcburi sığortalanma zamanı daxili imkanlardan istifadə bir çox özəlləri sıradan çıxara, zəiflədə bilər. Bu da gözləniləndir. Bütün hallarda, əhalinin müdafiəsi baxımından icbari sığortaya keçid mütləq olmalıdır”.

Advertisements

Cavab qoy

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma